Dövlət satınalmalarında “kənarlaşdıra bilər” anlayışı: Diskresiya, yoxsa hüquqi risk?
- Elçin Ərbəşiyev

- Apr 22
- 2 min read

Dövlət satınalmalarında iştirakçıların kənarlaşdırılması həm hüquqi, həm də praktiki baxımdan ən həssas sahələrdən biridir. Xüsusilə fakultativ (diskresion) kənarlaşdırma əsasları çərçivəsində satınalan təşkilatın qərarvermə sərhədləri tez-tez mübahisə doğurur. Beynəlxalq təcrübə və Azərbaycan qanunvericiliyi göstərir ki, “kənarlaşdıra bilər” ifadəsi satınalan təşkilata mütləq bir vəzifə deyil, əsaslandırılmış seçim hüququ verir.
⚖️ Beynəlxalq təcrübə: Diskresiya və proporsionallıq Avropa İttifaqı (Aİ) təcrübəsi (məsələn, 2014/24/EU Direktivi) göstərir ki, diskresiya səlahiyyəti sərbəst qərar vermək deyil, qanunun məqsədinə uyğun əsaslandırılmış seçim etməkdir. Bu yanaşmanın üç əsas sütunu var:
Avtomatik kənarlaşdırma yolverilməzdir: Hər bir hal fərdi qaydada (case-by-case) qiymətləndirilməlidir.
Mütənasiblik: Qərar pozuntunun ağırlığına uyğun olmalıdır.
Müdafiə hüququ: İştirakçıya öz etibarlılığını sübut etmək üçün izahat imkanı tanınmalıdır.
Azərbaycan qanunvericiliyində diskresiya: Həddindən artıq ucuz təkliflər Dövlət satınalmaları qanunvericiliyində diskresiya səlahiyyətinin ən bariz nümunəsi Qanunun 35.1.8-ci maddəsidir. Bu maddəyə əsasən, təchizatçının qiyməti ehtimal olunan qiymətdən 20%-dən çox aşağı olduqda kənarlaşdırma avtomatik baş vermir. Qanun bu halda mütləq bir prosedur müəyyən edir:
İzahat sorğusu: Komissiya mütləq qaydada təchizatçıdan qiymətin təhlili barədə yazılı izahat almalıdır.
Obyektiv qiymətləndirmə: Təqdim edilmiş izahatlar təhlil edilməlidir.
Əsaslandırılmış qərar: Yalnız izahatlardan sonra müqavilənin icrasına əsaslı şübhələr qaldıqda komissiya kənarlaşdırma haqqında əsaslandırılmış qərar qəbul edə bilər.
⚠️ Əsas problem: Diskresiyanın mexaniki tətbiqi Praktikada "kənarlaşdıra bilər" ifadəsi tez-tez "kənarlaşdırmalıdır" kimi başa düşülür. Bir çox hallarda satınalan təşkilatlar təchizatçıdan bu sorğuya cavab alsalar da, təqdim edilən iqtisadi əsaslandırmalara qarşı heç bir real analiz və araşdırma aparmadan iştirakçını dərhal kənarlaşdırırlar. Bu, izahat sorğusu prosedurunu mahiyyətindən uzaqlaşdıraraq onu sadəcə formal bir "qutu işarələmə" (check-box) prosesinə çevirir.
Lakin analiz aparılmadan kənarlaşdırma qərarları həm iştirakçıların rəqabət imkanlarını məhdudlaşdırır, həm də satınalma komissiyası üzvləri üçün ciddi hüquqi risklər yaradır. “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” tələb edir ki, satınalmaya cəlb olunan şəxslər tərəfindən satınalmaya dair hər bir qərar vicdanlılıq, obyektivlik və peşəkarlıq prinsipləri daxilində qəbul edilməlidir.
🔚 Nəticə Dövlət satınalmalarında əsas məqsəd ən ucuz deyil, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edərək ən etibarlı təklifi seçməkdir. Diskresiya səlahiyyəti bu etibarlılığı yoxlamaq üçün bir alətdir. Lakin real analiz olmadan “Xəta/Aşağı qiymət var → Kənarlaşdır” düsturunun tətbiqi satınalma nəticələrinin nəzarət orqanı tərəfindən ləğvi və şikayətlərin artması riskini yaratmaqla yanaşı, həm də maliyyə vəsaitlərindən səmərəli və qənaətlə istifadə prinsipi baxımından gələcək nəzarət-təftiş tədbirləri zamanı ciddi hüquqi məsuliyyət və risklər formalaşdırır.




Comments