Dövlət satınalmalarında "ideal model" axtarışı: mövcud reallıqlar və yeni çağırışlar
- Elşən Həsənov

- Feb 5
- 5 min read

2023-cü ilin iyul ayının 14-ü Milli Məclisdə təsdiq edilərək 2024-cü ildən qüvvəyə minmiş cari dövlət satınalmaları qanunu və satınalma mühitində yeni bir səhifə açsa da, praktika göstərir ki, kağız üzərindəki bəndlərlə bazarın real "ağrı nöqtələri" hələ də tam uzlaşmır.
Zaman paradoksu: 2 yaşlı qanun, yoxsa 6 illik layihə?
Bir qanunvericilik aktının effektivliyi həm də onun dövrün sürətinə nə dərəcədə cavab verməsi ilə ölçülür. Məlumat üçün bildirək ki, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin beş ay müddətində (2016-cı ilin sentyabr ayına qədər) hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdı. Lakin müxtəlif səbəblərdən bu prosesə 2020-ci ilin aprel ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 20-ə yaxın dövlət qurumuna sorğu göndərilərək başlanılmışdı. Cari qanunun ilk layihəsi isə daxili imkanlar hesabına qısa müddətdə hazırlanaraq 2020-ci ilin iyul ayında razılaşdırmaq üçün müvafiq qurumlara təqdim edilmişdi. İlk baxışda cari qanunun qüvvəyə mindiyi tarixdən hesablananda 2+ yaşı olduğu düşünülsə də, faktiki olaraq 5+ yaşı var. Dünyada proseslərin bu qədər sürətli getdiyi bir dövrdə, qanunvericiliyin uzun müddət dəyişmədən qalması əslində inkişafdan geri qalmaq riskini özündə daşıyır.
Niyə satınalma qanununa dəyişiklik zəruridir?
2025-ci ilin ortalarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mövcud qanunun və onun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ hüquqi aktların konkret struktur elementləri üzrə təkmilləşdirilməsi ilə bağlı təkliflərini əldə etmək üçün dövlət satınalmalarında payı yüksək olan və müxtəlif sektorları təmsilə 50-a yaxın dövlət qurumu və müəssisələrinə sorğu göndərilmiş və onlardan 40-a yaxın təklif əldə edilmişdir.
Təkliflərin içində maraqlı və faydalı fikirlər olsa da, bir çox halda təşkilatların subyektiv ehtiyaclarını əhatə edən və beynəlxalq qəbul edilən dövlət satınalmaları prinsiplərinə zidd fikirlər də müşahidə edilmişdir. Təbii ki, bu yanaşmalar da anlaşılandır fikir çoxluğu “brainstorm” üçün hər zaman faydalıdır. Bu fikirlər analiz edilib nəzarət orqanının toplanılmış daxili təcrübəsi, beynəlxalq əməkdaşlıq nəticəsində qazanılmış biliklər, müxtəlif daxili və xarici ekspertlərin təhlili ilə püxtələşdirilib dövrün tələbinə cavab verən dəyişiklik layihəsi hazırlanmalıdır.
Dövlət satınalmaları islahatında 30+ kritik sual
Qeyd edim ki, nəzarət orqanında çalışdığım dövrdə topladığım təcrübə, bazar ilə müzakirələrim, beynəlxalq praktikada mövcud yanaşmaları araşdırmaqla belə bir layihə hazırlayıb həmkarlarımız ilə paylaşmışdım. Seminarda bu layihəni təqdim edib aşağıdakı suallara cavablar birlikdə müzakirə ediləcək:
Dövlət satınalmalarına mexaniki (insan əməyi) nəzarət müasir dövrdə effektiv, səmərəli və obyektivdirmi? Dövlət satınalmalarına nəzarət fəlsəfəsi nədir? 4000-ə yaxın satınalan təşkilatın satınalma qərarlarına bir orqanın məsuliyyət daşıması düzgündürmü? Digər ölkələrdə dövlət satınalmalarına nəzarət necə təşkil edilir?
Bir mənbədən satınalma metodunun tətbiqi qərarını satınalan təşkilatlar özü versə nə baş verər? Xaosa səbəb olar yoxsa təşkilatlar daha məsuliyyətli yanaşar? Bu prosedur niyə elektronlaşdırılmır?
Qanunun tətbiq dairəsi bazar reallıqlarına uyğundurmu? Hansı predmetlər üçün istisnalar tətbiq olunmalıdır? İstisnalara nəzarət necə təşkil edilməlidir? Minimum məbləğ tələbi necə optimallaşdırıla bilər?
Dövlət satınalmalarının vahid internet portalından kifayət qədər effektiv istifadə edilə bilinirmi? Nə çatışmır? Portaldakı məlumat bazasındakı datalardan hansı formada istifadə olunur? Bu datalar hər hansı dəyişiklik və islahat etmək üçün əsas kimi götürülə bilərmi?
Satınalma qərarlarına görə yekun məsuliyyəti kim daşıyır? Yekun qərardan narazı qalan təchizatçı kimdən şikayət etməlidir satınalan təşkilatdan daşıyır yoxsa nəzarət orqanından?
Şərtlər toplusunda nümunə tələbindən istifadə imkanı qanuna daxil edilməlidirmi?
Şikayətlərə baxılması üçün qanunda mövcud olan prosedurlar və müddət hədləri optimaldırmı? Şikayətlərə obyektiv baxılıb ədalətli münasibət bildirilməsi mövcud şərtlərdə mümkündürmü? Gözləmə müddəti proseduru lazımsız bürokratiya yaradır? Ləğv edilməlidirmi?
Satınalmaların müddətini hansı prosedurlar əsassız şəkildə uzadır? Elan üçün minimal müddətlər çoxdur? Hansı tələblər olsa daha yaxşı olar? Hər prosedur üçün müddət tələblərinin olmasına zərurət varmı? Nəzarət orqanının təsdiq müddətləri optimallaşdırıla bilər?
Məbləğindən asılı olmayaraq dövlət bütün satınalmalara eyni qaydada nəzarət etməlidirmi?
Mövcud satınalma metodları müxtəlif satınalmaları səmərəli və həyata keçirməyə, pula mütənasib dəyər (value for money) əldə etməyə imkan verirmi? Hansı yeni metodlar əlavə edilə bilər? Mövcud prosedurlardan hansıları optimallaşdırıla bilər?
Satınalmanın baş tutması üçün minimum 3 təklif tələbi zəruridirmi? Bu yetərsay tələbi hansı problemlərin qarşısını alır, hansı yeni problemlərə səbəb olur?
Satınalma komissiyası həqiqətən satınalan təşkilatdan müstəqildirmi? Bu strukturun fəaliyyəti müasir çağırışlarla ayaqlaşırmı? Komissiyanın alternativi var?
Bank qarantiyası (təklifin təminatı) zərurətdir yoxsa maneə? Bu mexanizmin alternativi varmı?
Çərçivə sazişi mexanizmi işləkdirmi? Satınalan təşkilatların problemlərini həll edə bildimi? Nə çatışmır? Hansı metodun tətbiq dairəsi hansı predmetlərə şamil edilə bilər?
Dayanıqlı (yaşıl) satınalmaların tətbiqi könüllü yoxsa zəruri olmalıdır?
Bütün təkliflərin hər bir detalı mütləq qiymətləndirilməlidirmi? Satınalan təşkilatların resursu buna kifayət edirmi? Bu tələb zəruridirmi?
Təchizatçıların satınalmadan kənarlaşdırılması əsaslıdırmı? Bu mövzuda qanunun tələbləri çox sərtdir yoxsa satınalan təşkilatlar sui-istifadə edir? Nələr təkmilləşdirilə bilər?
Ehtimal olunan qiymətin açıq olması doğrudurmu? Ehtimal olunan qiymətdən yuxarı təkliflər mütləq kənarlaşdırılmalıdırmı? Bütün hallarda ehtimal olunan qiymət mütləq hesablanmalıdırmı? Bu prosedurun mahiyyəti nədir?
Güzəştli düzəliş mexanizminin tətbiqi yerli mal və xidmətlərin istehlakını effektiv təşviq edirmi?
Maraqların toqquşması tələbləri bu halların azalmasına töhfə verir yoxsa sadəcə kağızda qalıb?
Satınalma planına dair bu qədər prosedur və tələbin olmasına ehtiyac var? Bu prosedurlar hansı sui-istifadə faktorlarının qarşısını alır?
Müqaviləyə dəyişiklik etmək niyə "qadağan olunmuş zona" kimi qalıb? Müqaviləyə dəyişiklik zamanı sui-istifadə hallarının qarşısını almaq üçün hansı həllər mövcuddur? Hansı müqavilə şərtlərinə dəyişikliyə əslində icazə verilməlidir?
Avans ödənişi hədlərinə yenidən baxılmalıdırmı? Satınalan təşkilatlara bu hədləri müəyyənləşdirməkdə sərbəstlik verilməlidirmi?
Etibarsız təchizatçılar qaydası təchizatçıları “tərbiyə” edə bilirmi yoxsa satınalan təşkilatlar tərəfindən sui-istifadə üçün istifadə edilir?
Qeyri-rezidentlər (xarici şirkətlər) niyə dövlət satınalmasında iştirak edə bilmir? Bu sadəcə texniki məhdudiyyətdir yoxsa iqtisadi siyasət? Xarici şirkətlərin dövlət satınalmalarında iştirakının hansı üstünlükləri və ziyanları ola bilər?
Mərkəzi satınalma mümkündür? Hansı hallarda tətbiq edilə bilər?
Təchizatçının maliyyə və təcrübə göstəricilərini yoxlamaq satınalan təşkilata nə verir? 494 nömrəli qərarda müəyyən edilən meyarlar sağlam təchizatçıları filter etməkdə kömək olur yoxsa əsassız məhdudlaşma yaradır? Nələr təkmilləşdirilməlidir?
Təchizatçıların qiymətləndirmə meyarlarına dair tələblər qanunda daha da sərtləşdirilməlidirmi yoxsa satınalan təşkilatlara seçim imkanı verilməlidir?
Cari istifadə və iştirak haqları məbləğləri və mexanizmləri dövlət satınalmalarında rəqabətin artırılması optimallaşdırıla bilərmi?
Mikro və kiçik sahibkarlıq subyektləri üçün dövlət satınalmalarında iştirak əlçatandırmı? Belə müəssisələr üçün əlavə təşviq mexanizmlərinə, prosedurların daha da sadələşdirilməsinə ehtiyac var yoxsa hamı necə onlar da elə?
Elektron satınalmalar üçün satınalma hesabatının manual qaydada tərtibinə zərurət varmı?
Müqavilələrin imzalanma prosesi bazar reallıqlarına uyğundurmu?
Nümunəvi müqavilə formalarından istifadə bütün satınalma metodları üçün məcburi olmalıdırmı? Müqavilə formalarının məzmununda hansı hallarda dəyişiklik məqbul hesab olunmalıdır?
Müqavilələrin icrasına kim nəzarət etməlidir? Bunun üçün zəruri alətlər varmı?
Dövlətə məxsus müəssisələrin (state-owned enterprises – SOE, bax: SOCAR, ABB, BakuBus və s.) satınalmalarına nəzarət olmalıdırmı? Cari dövlət satınalmaları qanunu onlara niyə şamil olunmur?
Subpodratçıların uyğunluq göstəriciləri də təchizatçılar kimi yoxlanılmalıdırmı? Subpodrat müqavilələri üçün cari limitlər bazar reallıqlarına uyğundurmu?
Gəlin birlikdə müzakirə edək!
Qanun və Nazirlər Kabinetinin əlaqədar qərarlarının yazılmasında birbaşa iştirak etmiş, bəzi layihələrin əsas müəllifi olmuş, prosesin tarixçəsini bilən biri kimi təcrübəmdən istifadə edib bu və digər strateji sualların cavablarını 📅 28 fevralda keçiriləcək “Dövlət satınalmalarının təkamülü” seminarında (a) qlobal satınalma trendlərini yerli bazara tətbiq etmək istəyən vizyoner rəhbərlər, (b) dövlət satınalmalarının idarə olunması üzrə rəhbərlər, (c) strateji qərarverici rola malik şəxslər, (d) dövlət satınalmalarının təşkili üzrə təcrübəli satınalma mütəxəssislər, (e) bu sualların cavablarını öyrənmək istəyən digər şəxslər ilə birlikdə müzakirə edib təcrübə mübadiləsi edəcəyik. Əgər bu sualların cavabı sizə də maraqlıdırsa deməli siz də 5 kateqoriyadan birinə aidsiniz!
Qeydiyyatdan keçməyə tələsin çünki yerlər məhduddur!
Bu seminar yalnız satınalan təşkilatların əməkdaşları üçün nəzərdə tutulub.
Təchizatçılar üçün bənzər mövzulu və onların ehtiyacına uyğun müzakirədə iştirak etmək istəyənlər 📅 14 martda keçiriləcək “Tenderlərdə qalibiyyət strategiyası” seminarına qoşula bilərlər (bu barədə ayrıca bloq paylaşımı olacaq).




Comments